Bu dəfə Şəmkirdən gələn 50 yaş üstü pasiyentim Yaşar bəyin beynində keçirdiyim şiş əməliyyatı əsasında arxa kəllə çuxuru törəməsindən danışmaq istəyirəm. Mənə müraciət edəndə pasiyent qusmaları olan, yeriyə bilməyən və psixikası pozulmuş formada idi. Müəyyən müayinələrdən keçəndən sonra arxa kəllə çuxurunda törəmə aşkarlandı. Hansı ki beynin su yollarını sıxır və təcili əməliyyat edilməlidir. Patistoloji müayinənin nəticəsinə görə törəmə epidormoid idi. Onlar da adətən, anadangəlmə beyin toxumasının içində qalmış hüceyrələrdən əmələ gələn patoloji törəmədir. Bu tədricən böyüyür və müəyyən ölçüyə çatana qədər heç bir əlamət vermir. Şişin əlamət verməsi üçün onun müəyyən ölçüyə gəlib çatması və beynin vacib strukturlarını sıxması lazımdır. Ya da ilkin olaraq funksional aktiv mərkəzdə yerləşməlidir. Bunlar dərman müalicəsinə tabe olmur. Belə xəstələr təcili əməliyyat olunmalıdır, çünki maye yığılmasından qəfləti ölüm və ya komaya düşmək mümkündür.
Biz də gecikdirmədən əməliyyat qərarı aldıq və arxa kəllə çuxurundan 10 sm-lik dəlik açıb mikroskopik yolla törəməni xaric etdik. Bu əməliyyatlarda giriş başın ənsə hissəsindən icra olunur. Əməliyyatdan əvvəl yaddaşını itirən, heç nə hiss etməyən, yeriyə bilməyən Yaşar bəy sonrakı dövrdə itirdiklərini bərpa etdi.
Bəzən xəstə yaxınları hansı profilaktik tədbirlər görməli olduqlarını soruşurlar. Təəssüf ki, baş-beyin şişlərinin bir profilaktikası yoxdur. Törəmələrin əmələ gəlməsi haqqında genetik nəzəriyyə var. Hüceyrələrin bir qismində genetik kodda olan dəyişikliklər və onların nəzarətsiz şəkildə böyüməsidir. Bu dəyişikliklərin bir qismi bətndaxili dövrdə, digər qismi isə yaşa dolduqca xarici faktorların təsirindən yaranır. Ümumi veriləcək tövsiyyə zərərli vərdişlərdən uzaq olmaq və müəyyən əlamətlər hiss etdikdə həkimə müraciət etməkdir.