Xoşxassəli baş beyin şişlərinin növləri:
Meningioma – ən sıx rast gəlinən xoşxassəli şişdir. Bütün beyin şişlərinin 10-15%-ni təşkil edirlər. Meningiomaların nadir də olsa çox az bir qismi bədxassəlidir. Bu şişlər beyin və onurğa beyini əhatə edən zardan (qişadan) əmələ gəlirlər.
Hipofiz adenoması – beyin şişləri arasında rastgəlmə tezliyinə görə 4-cü yerdədir. Xoşxassəli şişlərdir və adətən çox yavaş böyüyürlər. Nadirən bədxassəli formaları olsa da, onlar da özünü xoşxassəli şişlər kimi aparır. Adenomalar hipofiz vəzindən əmələ gəlirlər və adətən 30-40 yaş arası insanlarda görülürlər.
Şvannoma – insanlarda sıx görülən xoşxassəli şişlərdəndir. Sinirlərin ətrafında olan Şvann hüceyrələrindən əmələ gəlirlər. Sinirlərə sirayət etmədən onları sıxışdıraraq klinik əlamət verir. Daha çox eşitmə sinirindən əmələ gəldiyinə görə qulaqlarda küy və eşitmə azlığı kimi şikayətlərə səbəb olur.
Xordoma – xoşxassəli, yavaş böyüyən şiş olub, daha çox 50-60 yaşlı insanlarda görülür. Ən sıx görüldüyü yerlər, kəllə əsasındakı sümüklər və onurğa sütunun oma hissəsidir. Xoşxassəli şiş olmasına baxmayaraq, xordomalar ətraf toxumalara sirayət edərək sinir toxumasını zədələyə bilir. Bu şişlər nadir olub, birincili beyin şişlərinin 0,2%-ni təşkil edirlər.
Kraniofaringioma – xoşxassəli beyin şişi olsa da, yerləşdiyi yer beyinin dərinində və görmə siniri ilə yuxu arteriyası arasında olduğu üçün mürəkkəb şiş hesab olunur. Adətən hipofiz vəzisinin (bədənimizdə hormonal tarazlığı kontrol edən vəz) ətrafından əmələ gəldiyinə görə xəstələrdə hormonal yetməzliyə səbəb olur.