Uşaqlarda təsadüf edilən bədxassəli şişlər arasında birinci yeri leykoz (qan xərçəngi), ikinci yeri isə beyin şişləri tutur. Uşaqlarda təsadüf edilən onkoloji xəstəliklərin tezliyinə görə üçüncü yeri limfatik düyünlərin bədxassəli xəstəlikləri olan limfaqranulematoz və limfasarkoma təşkil edir.
Böyrək şişləri uşaqlarda, adətən, anadangəlmə olur. Təəssüf ki, onlara vaxtında diaqnoz qoyması bir çox hallarda ləngimiş olur. Bu zaman şişlər artıq böyük ölçülərə çataraq qarının böyüməsi, qarında şişin əllənməsi ilə asanlıqla müəyyən edilə bilir. Hətta bir çox valideynlər buna fikir verməyərək, bunu raxit, qara ciyər və ya dalağın böyüməsi kimi yozurlar. Buna görə də hər dəfə uşağı çimizdirərkən, ya geyindirərkən onun bədəninə diqqət yetirmək, qarnında hər hansı bir şişkinlik, bərkimə, qarnının böyüməsi və s. dəyişikliklər aşkar etdikdə tez bir zamanda həkimə müraciət etmək lazımdır.
Uşaq orqanizminin özünü bərpa etmək xüsusiyyəti böyüklərə nisbətən daha yüksək olur. Buna görə də bütün dünya həkimləri belə bir yekdil fikir irəli sürürlər ki, uşaqlarda xərçəng xəstəliyi ilkin mərhələlərdə aşkar edilərsə, müasir tibbin imkanlarından istifadə etməklə onu tam şəkildə sağaltmaq olar.