Bel yırtığından əziyyət çəkən xəstələrin müalicəsi dərman və fiziki müalicə üsulları, sonda isə cərrahi əməliyyatdan istifadə olunur. Bel yırtıqlarının cərrahi müalicəsi həmin yırtığın xaric edilməsidir.
Bu gün dünyada ən populyar müalicə üsulu standart diskoktemiya əməliyyatıdır. Həm cərrahların təcrübəsi artdığından, həm də optik vasitələrdən istifadə olunduğundan 10 il qabaq icra olunan bu gün icra olunan əməliyyat arasında çox ciddi fərq var. Qısa bir kəsikdən, toxumalara ehtiyatla yanaşmaqla yırtığın çıxarılması əməliyyatları icra edilir. Həmin xəstələr qısa müddətdə həyat fəaliyyətlərini davam etdirir.
Amma cərrahi əməliyyata müəyyən göstərişlər var. Bunlar əsasən nisbi göstərişlərdir. Mütləq göstəriş xüsusi hallarda yaranır. Məsələn, xəstədə qəflətən kəskin sidik ləngiməsi, yaxud aşağı ətraflarda kəskin zəiflik yarandığı hallarda əməliyyata göstəriş mütləqdir. Çünki həmin konflikt vaxtında aradan qalxmasa, bu xəstəliyin sonrakı müalicəsi çox zaman apara, bəzən tam müalicə olunmaya da bilər. Digər hallarda cərrahi əməliyyata göstərişlər nisbidir.
Disk yırtığından əməliyyat olan xəstələrdə təkrari disk yırtığı əmələ gəlmə riski digər insanlara nisbətən daha yüksəkdir. Buna görə də əməliyyat olan xəstələrə sonrakı həyatlarında diqqətli olmaqlarını tapşırırıq.