Bel ağrılarının əsas səbəblərindən biri də bel yırtığıdır. Yırtıq fəqərə arası diskin nüvəsinin onurğa kanalına doğru çıxması ilə xarakterizə olunan bir xəstəlikdir. Yırtıq onurğa kanalının içərisində olan onurğa beyni, onurğa qişaları və sinir kökcüklərinə təsir edir, qıcıqlandırır və xəstələrdə müvafiq şikayətlər yaradır. Bu şikayətlər ilk növbədə beldən ayağa vuran ağrılar, ağrılarla yanaşı keylik, pəncədə zəiflik, ayaqda arıqlama ilə bağlıdır.
Bel yırtıqlarının yaranmasının səbəbi onurğa sütununun müəyyən yüklənmələrə məruz qalmasıdır: "Bu səbəblər sırasına ağır yük qaldırma, kəskin hərəkətlərin icrası, səhv, yöndəmsiz hərəkətlər, ağır fiziki işi, o cümlədən soyuqdəyməni qeyd etmək olar.
Amma bu, heç də bütün hallarda fiziki iş görən insanların xəstəliyi deyil. Çox tez-tez heç bir fiziki iş görməyən insanlarda da buna təsadüf edilir. Burada irsiyyətdən tutmuş qida, mühit, həyat tərzinə qədər müxtəlif amillərin rolu var. Oturaq işin də bel yırtığının yaranmasında, ümumiyyətlə, onurğa sütununun bel hissəsində degenerasiya prosesində, osteoxondrozun inkişafında rolu var. Çünki insan oturarkən onun onurğasının yüklənməsi dəfələrlə artır. İnsan ayaq üstə olarkən onun gövdəsinin yükü daha çox ayaqlara ötürülür, oturarkən isə onurğanın bel hissəsinə yüklənir. Ona görə də uzun müddət oturmaq və onurğanın bel hissəsini yükləndirən digər işlər, uzun müddət önə əyilməklə icra edilən iş, yaxud qeyri-fizioloji vəziyyətdə icra edilən iş onurğanın həddən artıq yüklənməsinə və degenerativ xəstəliklərin artmasına səbəb olan amildir.
Bel yırtığından əziyyət çəkən xəstələrin müalicəsi dərman və fiziki müalicə üsulları, sonda isə cərrahi əməliyyatdan istifadə olunur. Bel yırtıqlarının cərrahi müalicəsi həmin yırtığın xaric edilməsidir.
Bu gün dünyada ən populyar müalicə üsulu standart diskoktemiya əməliyyatıdır. Həm cərrahların təcrübəsi artdığından, həm də optik vasitələrdən istifadə olunduğundan 10 il qabaq icra olunan bu gün icra olunan əməliyyat arasında çox ciddi fərq var. Qısa bir kəsikdən, toxumalara ehtiyatla yanaşmaqla yırtığın çıxarılması əməliyyatları icra edilir. Həmin xəstələr qısa müddətdə həyat fəaliyyətlərini davam etdirir.
Amma cərrahi əməliyyata müəyyən göstərişlər var. Bunlar əsasən nisbi göstərişlərdir. Mütləq göstəriş xüsusi hallarda yaranır. Məsələn, xəstədə qəflətən kəskin sidik ləngiməsi, yaxud aşağı ətraflarda kəskin zəiflik yarandığı hallarda əməliyyata göstəriş mütləqdir. Çünki həmin konflikt vaxtında aradan qalxmasa, bu xəstəliyin sonrakı müalicəsi çox zaman apara, bəzən tam müalicə olunmaya da bilər. Digər hallarda cərrahi əməliyyata göstərişlər nisbidir.