Beyin şişləri kəllə içində böyüyərək beyinə təzyiq edən törəmələrdir. Kəllə içərisindəki müxtəlif toxumalardan inkişaf edə bilir. Kişilərdə və qadınlarda bərabər nisbətlərdə görünsə də, kişilərdə nisbətən daha çox rast gəlinir. Beyin şişlərinin 150-dən artıq növü mövcud olub 2 əsas qrupa ayrılırlar: birincili və metastatik beyin şişləri
Bilavasitə beyin və ya beyini əhatə edən toxumalardan əmələ gələn şişlər birincili beyin şişləri adlanır.
Metastatik beyin şişləri - başqa orqanlarda (süd vəzi, ağciyər, mədə və s.) mövcud olan şişlərin qan vasitəsilə beyinə yayılmasından əmələ gəlir.
Beyin şişləri inkişaf xüsusiyyətlərinə görə xoşxassəli və bədxassəli olur. Metastatik şişlər xərçəng hesab olunur və bədxassəlidirlər.
Xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrin təxminən 25%-ində beyində metastaz aşkarlanır. Ağciyər xərçəngi olan xəstələrdə isə bu rəqəm daha yüksəkdir və bu xəstələrin təxminən 40%-də beyinə metastaz olur. Əvvəllər beyin metastazı olan xəstələrin həyat göstəriciləri çox aşağı idi və bu insanlar cəmi bir neçə həftə yaşayırdılar. Son zamanlar inkişaf etmiş diaqnostik vasitələrin və innovativ cərrahiyyə metodlarının tədbiqi ilə bu xəstələrin həm yaşam müddəti illərlə uzadılmış, həm də həyat keyfiyyətləri yaxşılaşdırılmışdır.
Beyin şişləri hansı səbəblərdən yaranır?
Beyin şişlərinin əmələ gəlməsində əsas səbəb kimi, hüceyrə xromosomlarında yerləşən genlərin zədələnməsi göstərilir. Gen zədələnmələri ya anadangəlmə olur, ya da doğulduqdan sonra qazanılır. Anadangəlmə gen zədələnmələrinə səbəbi hamiləlik zamanı ananın keçirdiyi müxtalif növ xəstəliklər və ya döldə əmələ gələn genetik xəstəliklər əsas rol oynayır. Ətraf mühitin zərərli təsirləri də genlərin zədələnməsinə səbəb olmaqla yanaşı, zədəli genlərdən yenitörəmələri əmələ gəlməsinə şərait yaradır. Zədələnmiş genlər hüceyrələrdə normal bölünmə prosesini pozaraq, hüceyrələrin anormal çoxalmasına səbəb olur. Anormal çoxalan bu hüceyrələr şişləri əmələ gətirir.
Baş Beyin Şişlərinin Simptomları:
Beyin şişlərinin simptomları yerləşmə yerindən asılı olaraq çox müxtəlifdir. Buna baxmayaraq bəzi ümumi simptomlar əksər beyin şişlərində görülə bilər. Ümumi əlamətlər aşağıdakılardır:
• Baş ağrısı (adətən səhər yuxudan duranda ən şiddətli olur)
• Qıcolma və ya ürəkgetmə
• Görmə pozğunluğu
• Eşitmə pozğunluğu
• Ürək bulanma və/ və ya qusma
• Udma problemləri
• Bədənin bir hissəsində iflic və ya parezlər
• Üzün bir tərəfində hissiyatın itməsi və ya keyimə
• Danışıq qabiliyyəti və ya nitq pozulmaları və s.
Baş Beyin Şişlərinin Diaqnostikası:
Beyin şişlərinin diaqnostikasında ən çox istifadə olunan müayinə üsulları komputer tomoqrafiya (KT) və maqnit rezonans tomoqrafiyadır (MRT). MRT, beyin şişlərinin diaqnostikasında KT-yə görə daha üstün olub, şişin yeri, xarakteri, damarlanması, tərkibi, beyin toxumasının vəziyyəti haqqında daha dolğun məlumat verir. Bundan başqa təkrarlayan şişlərin diaqnostikasında pozitron-emissiyon tomoqrafiya (PET) müstəsna yerə sahibdir.
Baş Beyin Şişlərinin Müalicəsi:
Beyin şişləri növündən asılı olmayaraq, cərrahiyyə, şüa terapiyası və kimyəvi terapiya yolu ilə müalicə olunur. Düzdür şüa və kimyəvi müalicə növləri adətən bəd xassəli şişlərdə tədbiq olunur. Buna baxmayaraq, hər bir xəstəyə fərdi yanaşaraq mövcud halda şişin hansı müalicə növünə daha həssas olduğu təyin edilərək ona uyğun müalicə aparılır. Təbii ki, hər 3 müalicə növünün özünəməxsus riskləri və əlavə təsirləri mövcuddur.